QHT sədri: “Bütün suveren ərazilərimizdə seçkilərin keçirilməsi məsuliyyətimizi artırır”
“İlk dəfədir Azərbaycanın bütün suveren ərazisində seçki keçirilir. Əslində bu, hər birimizin çoxdanki arzusu idi ki, Azərbaycanın ərazi bütövlüyü tam olaraq təmin olunsun və əvvəllər işğal altında olan ərazilərimizdə digər proseslər kimi, seçki prosesi də gerçəkləşsin”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov bildirib.
Xalid Kazımov deyib ki, bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Füzulidə, Xankəndi, Xocalıda və azad olunmuş digər ərazilərimizdə səsvermə həyata keçirilməsi çox sevindiricidir:
“Bu, bir tərəfdən sevindiricidir, digər tərəfdən üzərimizə əlavə məsuliyyətlər qoyur. Çünki 2020-ci ilə qədər ölkənin ən böyük probleminin torpaqlarımızın işğal altında olduğu qeyd olunurdu, torpaqlarımızın azad edilməsi ölkənin bir nömrəli prioritet məsələsi idi. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində torpaqlarımız tam azad olundu. Bu da prioritetləri dəyişib. Yeni parlament ölkənin gələcəyin inkişafı üçün müvafiq qanunvericilik bazasının formalaşdırılmasında özünəməxsus rol oynayacaq”.