Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”
Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı – Neftçilər Günüdür.
Bununla bağlı 1news.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov Dövlət Neft Şirkətinin əməkdaşlarını təbrik edib, onların ölkəmizin uğurlarındakı roluna diqqət çəkib:
“Öncə peşə bayramı münasibətilə Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını, respublikamızın neft-qaz işçilərini, eləcə də bu sektorda çalışmış veteranlarımızı “Neftçilər Günü” münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Heç kimə sirr deyil ki, tarixən ölkəmizin əldə etdiyi bütün böyük uğurlarda neftçilərimizin mühüm rolu olub. İkicni Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində də neftçilərimiz həlledici rol oynamış, bununla da bütün bəşəriyyətə azadlıq və firavanlıq bəxş etmişdir. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, neftçilərimiz gənc respublikamızın güclənməsində həlledici rol oynamış, iqtisadi azadlığımızın təmin olunması sahəsində böyük fədakarlıqlar göstərmişdilər.
1994-cü il sentybarın 20-də Ümummilli lider Heydər Əliyevin dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” sadəcə neft sənayemizin deyil, bütün ölkəmizin iqtsiadi-siyasi həyatında yeni bir dönəmin başlnağıcını qoydu. Bu müqavilə ilə Azərbaycan neftinin dünya bazarlarına çıxışı təmin edildi, dövlət büdcəmizə böyük miqdarda neft vəsaitləri daxil olmağa başladı. İqtisadi müstəqilliyimizin təmini siyasi gücümüzün daha da artmasına təkan verdi.
Prezident İlham Əliyevin qeyri-neft sektoru ilə yanaşı, həm də neft sənayesinə göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən modernləşmə prosesi, neft sektorumuza məxsus tarixi ənənələrin davam etdirilməsi günümüzdə də müstəqil Azərbaycanımızın iqtisadi baxımdan inkişafını şərtləndirən mühüm amillərdən biridir. Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır.
Neft sənayesindən əldə edilən gəlir ordumuzun güclənməsində, onun maddi-texniki bazasının möhkəmlənməsində mühüm rol oynayır. Bütün bunların hamısı neftçilərimizin ağır əməyi, fədakarlığı, öz işinə vicdanlı və məsuliyyətli yanaşması nəticəsində mümkün olur.
Mən bir daha neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. İstəyirəm bütün neftçilərimiz bilsin ki, Azərbaycan veteranları hər zaman olduğu kimi bu gün də onlarla qürur duyur və onların yanındadır”.