Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunub
Dövlət Turizm Agentliyi sentyabrın 19-21-də Çinin Kunminq şəhərində keçirilən İpək Yolu Şəhərlərinin Mədəniyyəti və Turizminin İnkişafı üzrə Beynəlxalq Forumda və İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansının illik konfransında təmsil olunub.
1news.az xəbər verir ki, İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansının (International Tourism Alliance of Silk Road Cities) yaranmasının birinci ildönümü münasibətilə təşkil olunan tədbir İpək Yolu boyunca əməkdaşlığın gücləndirilməsi və davamlı turizmin inkişafının təşviqinə həsr edilib.
Alyansın illik toplantısında çıxış edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Tarixi İpək Yolu boyunca dayanıqlı turizmin inkişafının dəstəklənməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu sahədəki perspektivləri haqqında danışıb. O, Alyansa üzv olan şəhərlərlə əməkdaşlığı inkişaf etdirməklə, təcrübə mübadiləsinin aparılmasının həm yerli icmaların, həm də İpək Yolu turizm dəhlizinin ümumi inkişafına töhfə verəcəyini bildirib.
M.Ağabəyli Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Şəkidəki İpək Yolu irsinə dair əvəzsiz sərvətlərin qorunması və təbliği istiqamətində görülən işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.
İpək Yolu Şəhərlərinin Mədəniyyəti və Turizminin İnkişafı üzrə Beynəlxalq Forumunda rəqəmsal turizm, mədəni irsin qorunması və iqtisadi artımın və mədəni mübadilənin təşviqində turizmin rolu kimi məsələlər müzakirə olunub. Tədbir çərçivəsində təşkil olunan panel sessiyalar, işgüzar görüşlərdə İpək Yolu irsinin daşıyıcısı olan Şəki şəhəri və UNESCO dünya irs siyahısına daxil edilmiş “Yuxarı Baş” Milli Tarix Memarlıq qoruğu haqqında təqdimatlar da baş tutub.
Toplantıda BMT-nin Turizm Təşkilatı, Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA), Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, İpək Yolu Şəhərlərinin Beynəlxalq Turizm Alyansına üzv olan şəhərlərin merləri və turizm mütəxəssisləri iştirak ediblər. Alyansa üzv şəhərlər üçün ən yaxşı təcrübələri bölüşmək və əməkdaşlıq üçün yeni imkanları araşdırmaq üçün platforma hesab edilən forum çərçivəsində İpək Yolu Şəhərlərinin Birinci Mədəniyyət və Turizm Mövsümü, mədəni tədbirlər və şəhərlə tanışlıq gəzintiləri də təşkil olunub.