Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO
Bəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel Al-Buainainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 4-ü Baş prokuror Kamran Əliyev Bəhreynli həmkarını Baş Prokurorluqda qəbul edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Ali Bin Fadhel Al-Buainaini Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edərək qarşıda duran mühüm tədbirlərin Baş Prokurorluq tərəfindən müvəffəqiyyətlə keçiriləcəyinə əminlik ifadə edib.
Daha sonra qonaq Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.