COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir

21:18 - 07 / 10 / 2024
COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq məqsədilə silsilə məqalələr hazırlayır.

Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı, eləcə də enerji keçidinin əhəmiyyəti və icrası, həmçinin ölkələrin beynəlxalq öhdəlikləri və nailiyyətləri, həmçinin COP28, COP29 və COP30 üçlüyü barədə bəhs etmişdik.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünya arenasında mühüm rolunu təsdiqləyən əlamətdar hadisədir. Bu tədbir Azərbaycanın təkcə böyük siyasi və iqtisadi oyunçu kimi deyil, həm də son dərəcə vacib məsələlər üzrə qlobal danışıqlar üçün mühüm platforma kimi statusunu vurğulayır. Bakıda keçiriləcək sammitdə iqlim dəyişməsi, dayanıqlı inkişaf, ekoloji çağırışlara uyğunlaşma və bu problemlərin həlli üçün investisiyaların cəlb edilməsi kimi çox vacib mövzular müzakirə olunacaq.

Azərbaycan beynəlxalq dialoq mərkəzi kimi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini və ölkənin öz rolunu körpülərin salınmasında gördüyünü bildirib.

“Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”, - dövlət başçısı qeyd edib.

COP29-un prezidenti təyin edilmiş Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu konfransın beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb. O, “Forbes”ə müsahibəsində qeyd edib ki, Azərbaycan yeni iqlim strategiyalarının işlənib hazırlanmasına töhfə verməklə qlobal Şimal və Cənub arasında etimadın və birliyin bərpasında mühüm rol oynayacaq.

“Nümayiş etdirməliyik ki, ölkələr bir-birinə dəstək olmaq üçün birlikdə işləməyə hazırdır”, - M.Babayev bildirib və ölkələr arasında konsensusun əldə olunmasının vacibliyini vurğulayıb.

Qlobal Şimal və Cənub arasında dialoq: yeni diplomatik üfüqlər

COP29-un Bakıda təşkili Azərbaycan üçün dünya miqyasında mühüm addım olmaqla yanaşı, ölkənin diplomatik münasibətlərinin inkişafında yeni səhifə açacaq. Bu tədbir həm qlobal Şimalın inkişaf etmiş ölkələri, həm də qlobal Cənubun inkişaf etməkdə olan ölkələri ilə əməkdaşlığın dərinləşməsi üçün qapı açacaq. Bu müzakirə formatı Azərbaycan üçün unikal platforma yaradacaq. Burada o, müxtəlif iqtisadi və ekoloji maraqları olan ölkələr arasında mühüm vasitəçi kimi çıxış edə bilər. COP29 çərçivəsində Azərbaycan həm dünyanın aparıcı iqtisadiyyatları, həm də köməyə və dəstəyə ehtiyacı olan az inkişaf etmiş ölkələr ilə əlaqələr qurmaq və möhkəmləndirmək imkanı əldə edəcək. Bu addım çox güman ki, ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyətin yeni formatlarının yaradılması üçün katalizator rolunu oynayacaq.

Bundan əlavə, belə bir forum Bakıya diplomatik çevikliyini, bütün tərəflərin maraqlarını nəzərə almaq bacarığını və beynəlxalq ekoloji proseslərin fəal iştirakçısına çevrilmək istəyini nümayiş etdirməyə imkan verəcək. Gələcəkdə bu, ölkəmizin həm regional, həm də qlobal səviyyədə diplomatik rolunun genişləndirilməsi üçün əsas rolunu oynaya bilər.

COP29 gələcək beynəlxalq tədbirlər üçün tramplin kimi

COP29 konfransı kimi irimiqyaslı və əlamətdar tədbirə ev sahibliyi etmək Bakıya müasir dövrün ən mühüm məsələləri üzrə qlobal müzakirələrin mərkəzinə çevrilən dünyanın aparıcı paytaxtları sırasında öz yerini tutmağa imkan verəcək. Belə böyük tədbirin təşkili təcrübəsi Azərbaycan üçün gələcəkdə mühüm əhəmiyyət kəsb edəcək, onun digər genişmiqyaslı beynəlxalq konfrans və sammitlərə ev sahibliyi etməsi üçün yeni perspektivlər açacaq.

Bu, Bakının qlobal əhəmiyyətini artıracaq və onun təkcə Qafqazın iqtisadi mərkəzi kimi deyil, həm də qlobal məsələlərin həlli üçün diplomatik platforma kimi tanınmasına imkan verəcək. Bu, gələcəkdə Azərbaycanın qlobal miqyasda digər əlamətdar tədbirlərə ev sahibliyi etməyə namizəd kimi baxılmasına gətirib çıxara bilər ki, bu da onun beynəlxalq aləmdə rolunu gücləndirəcək.

Neftdən “yaşıl enerji”yə: Azərbaycanın yeni imici

COP29-un heç də az əhəmiyyət kəbs etməyən digər vacib elementi Azərbaycanın ənənəvi enerji sektorundan bərpa olunan enerji mənbələrinə keçidə sadiqliyini nümayiş etdirmək imkanı olacaq. Ölkə üçün bu, “yaşıllar” klubdakı mövqeyini möhkəmləndirmək üçün mühüm addım olacaq.

Konfrans çərçivəsində əyani şəkildə nümayiş etdiriləcək enerji keçidi Azərbaycana özünü qlobal iqlim məqsədlərinə fəal dəstək verən ölkə kimi göstərməyə imkan verəcək. Beləliklə, Azərbaycan nəinki enerji bazarında əsas oyunçu kimi rolunu möhkəmləndirəcək, həm də beynəlxalq enerji siyasətinin dəyişən reallıqlarına uyğunlaşmaq qabiliyyətini nümayiş etdirəcək.

Beləliklə, COP29-un təşkili Azərbaycan üçün mühüm diplomatik nailiyyət olacaq və ölkə üçün beynəlxalq münasibətlərdə yeni üfüqlər açacaq. Qlobal Şimal və Cənub arasında dialoqda fəal iştirak, inkişaf etməkdə olan ölkələrə dəstək və “yaşıl enerji”yə sadiqliyin nümayiş etdirilməsi vasitəsilə Azərbaycan dünya miqyasında öz mövqeyini möhkəmləndirəcək və gələcək beynəlxalq təşəbbüslər üçün möhkəm zəmin yaradacaq.

Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.

Bu məqalə hazırlanarkən rəsmi sənədlərdən və açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib.

Bu məqalə rus dilində

Leyla Məmmədova

Paylaş:
378

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər