Bakıda COP29-la bağlı 9 informasiya mərkəzi istifadəyə veriləcək - FOTO
COP29 iştirakçıları üçün noyabrdan etibarən Bakıda 9 informasiya mərkəzi qurulacaq.
1news.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi şöbəsinin müdiri İlkin Cavadov jurnalistlərə açıqlama verib.
“Bu mərkəzlərin 7-si şəhər daxilində, 2-si isə hava limanında - Terminal 1 və 2 də yerləşəcək”.
İlkin Cavadov qeyd edib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransının əsas məqsədi tədbirin ən yüksək səviyyədə təşkili olacaq:
“Ölkəyə gələn qonaqlar üçün istiqamətverici və məlumatlandırıcı nişanlar quraşdırılacaq. Qonaqlar və iştirakçılar üçün ayrılmış nəqliyyat vasitələrində xüsusi müvəqqəti işarələr olacaq. Bundan əlavə, hava limanında və Koroğlu metrosu yaxınlığında məlumatlandırıcı və istiqamətverici lövhələr yerləşdiriləcək ki, bu da ziyarətçilərə məkanı asanlıqla tapmağa kömək edəcək”.
İlkin Cavadov həmçinin bildirib ki, tədbir sahəsinin ətrafında yerləşən əraziləri daha rahat tapmaq üçün rəqəmsal xəritə yaradılıb: "Ziyarətçilər istənilən nöqtəni xəritə vasitəsilə asanlıqla tapa biləcəklər”.