Alternativ marşrut: Rusiya Azərbaycandan keçməklə İrana yeni dəmir yolu xətti çəkməyi təklif edib
Bu ilin payızında Rusiyada “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) qərb qolunun inkişafı üzrə layihə təqdim edilib.
Layihənin müəllifləri Rusiyanı Fars körfəzindəki İran limanları ilə birləşdirəcək, eni 1520 mm olan vahid dəmir yolu xəttinin çəkilməsini təklif ediblər.
Bunun beynəlxalq investisiya konsorsiumunun nəzarəti altında çoxsaylı şirkətlərin iştirakı ilə həyata keçiriləcək ən böyük xarici tikinti layihəsi olacağı gözlənilir. Layihədə 40 min nəfərədək işçi qüvvəsinin çalışacağı, həmçinin 100 min ton metal konstruksiyanın və 40 milyon kubmetr betonun istifadə olunacağı təxmin edilir. Dəmir yolu xəttinin ümumi uzunluğu 6500 kilometr təşkil edəcək. 2025-ci ilin sonunda tikintisinə başlanılacaq layihənin 2031-ci ildə başa çatdırılması planlaşdırılır.
Layihənin xüsusi maraq doğuran cəhəti Azərbaycan və İran arasında yeni marşrut üzrə çəkilməsidir. Belə ki, yeni layihədə Rəşt-Astara dəmir yoluna alternativ olaraq İmişli (Azərbaycan) və Parsabad (İran) şəhərlərini birləşdirmək təklif olunur. İlkin hesablamalara görə, 2030-cu ilə qədər yeni dəmir yolu xəttində yük axını 30 milyon ton təşkil edəcək. Beynəlxalq yük daşımalarının idarə edilməsi üçün bütün marşrut boyunca vahid rəqəmsal platforma yaradılacaq. Əsas operator qismində “Rusiya Dəmir Yolları” ASC-nin çıxış edəcəyi layihənin yük bazasını taxıl, konteynerlər, metallar, gübrələr, kömür və neft-qaz kimyası təşkil edəcək.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı mövzusu Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli danışıqları zamanı da geniş müzakirə olunub. Prezident İlham Əliyevin sözlərinə görə, bu dəmir yolu marşrutunun Azərbaycan ərazisindən keçən hissəsi artıq uğurla fəaliyyət göstərir.
“Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik”, - İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfəri haqqında danışarkən bildirib.
Azərbaycan və onun xarici tərəfdaşları arasında yük dövriyyəsinin artırılması üçün dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə yanaşı, dəmir yolu nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac duyulur. Rusiya və Azərbaycan arasında dövlətlərarası əməkdaşlıq Rusiyadan, məsələn, “Transmaşholdinq” Səhmdar Cəmiyyətindən texnikaların alınması imkanını nəzərdə tutur. Bakı Metropoliteni “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” zavodu ilə fəal əməkdaşlıq edir.
“Transmaşholdinq” fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar", - Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan danışıqlarının yekunlarına dair bəyanatında bildirib.
MDB ölkələrində istismar şərtləri oxşardır. Bununla yanaşı, Rusiya mühəndisləri ənənəvi olaraq “1520 standartı”nın geniş istismar şərtlərini əsas götürür və texnikanı Rusiyanın şərq hissəsindən Monqolustan çöllərinədək uzanan sərt iqlim və mürəkkəb relyef şəraitində istismara hazır şəkildə layihələndirirlər.
Azərbaycan dəmir yolları dövlətlərarası münasibətlərin inkişafında və regional nəqliyyat dəhlizləri ilə bağlı məsələlərin həllində mühüm rol oynayır. Kazanda keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin də bunu təsdiqləyib.
“Logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox mühümdür. Eyni zamanda, onun Rusiya, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə dövriyyəsi də böyük əhəmiyyətə malikdir”, - Rusiya lideri bildirib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 % artaraq 3,499 milyard dollar təşkil edib. BRICS ölkələri ilə ticarət dövriyyəsi isə ilk 3 rüb ərzində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,8% (7,78 milyard dollar) artıb. Azərbaycanın ümumi ticarət dövriyyəsində BRICS ölkələri ilə ticarətin payı bir il əvvəlki dövrlə müqayisədə 17,8 %-dən 22,55 %-ə yüksəlib.
Beləliklə, əminliklə demək etmək olar ki, Rusiyanı Fars körfəzindəki İran limanları ilə birləşdirəcək kəsintisiz dəmir yolu xəttinin ölkəmizin ərazisindən keçməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirəcək və xarici tərəfdaşlarla əməkdaşlığı gücləndirəcək.
İstinad: Azərbaycan Dəmir Yolları