ARTİ tərəfindən “İqlim dəyişmələri və COP29” mövzusunda elmi-praktik seminar keçirilib - FOTO
COP29 çərçivəsində Təhsil İnstitutu və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 28 oktyabrda “İqlim dəyişmələri və COP29” mövzusunda elmi-praktik seminar keçirilib.
1news.az xəbər verir ki, Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Elza Orucova ekoloji tərbiyənin formalaşdırılmasında, təbiətə sevgi və qayğının təbliğ olunmasında kollektivin gördüyü işlərlə bağlı məlumat verib.
ARTİ-nin şöbə müdiri dosent Aynur Paşayeva mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan və maarifləndirmə işlərinin gücləndirilməsində bütün insanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edib. Çıxışda qeyd olunub ki, ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsi, aksiyaların təşkil edilməsi, ətraf mühitin qorunması və təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qarşıda duran ən vacib məsələlərdəndir.
ARTİ-nin aparıcı elmi işçisi Ayna Hümbətova iqlim dəyişmələri zamanı təbiətdə baş verən proseslərin insan psixologiyasına təsiri haqqında “Ruhun təbiəti və təbiətin ruhu” mövzusunda geniş təqdimatla çıxış edib. Vurğulanıb ki, təbiət və insan qarşılaşması dualizm xarakterlidir və təbiətə münasibət insanın özünə olan münasibətidir. Məruzəçi sonda mövzu ətrafında şagirdlərlə birgə simulyativ təlim prosesində maraqlı diskussiya aparıb.
Tədbirdə ARTİ-nin mütəxəssisi Səadət Mənəfova iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışıb. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Aynurə Maşayeva iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən, Xeyrənsə Hümmətova isə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiq edilməsindən bəhs edib.
Tədbir zamanı mərkəzin yaradıcı şagirdlərinin rəsm əsərlərinin sərgisi, şeirləri və COP29-la bağlı təqdimatları maraqla qarşılanıb.