Riqada “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Riqada “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib

Qafar Ağayev12:53 - 04 / 11 / 2024
Riqada “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib

Noyabrın 1-də Latviyanın tanınmış incəsənət mərkəzlərindən biri sayılan “Riqa Art Nouveau” muzeyində Azərbaycanın Latviyadakı Səfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bildirib ki, sözügedən sərginin keçirilməsi Latviyada Azərbaycan mədəniyyəti ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən əlamətdar hadisədir və Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tarixinə təsadüf edir.

Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutan və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi xalçaçılıq sənəti və nar bayramı sözügedən sərgidə təqdim olunub.

Qeyd olunub ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və ölkəmiz COP29 kimi mötəbər beynəlxalq iqlim tədbirinə ev sahibliyi etmək astanasındadır. Sərginin ətraf mühit sahəsində maarifləndirmə və dayanaqlı inkişaf kimi məqsədləri təşviq etdiyi diqqətə çatdırıldı və bu xüsusda, “Azərxalça” ASC-nin ekoloji cəhətdən dayanaqlılıq prinsiplərinə sadiq olduğu qeyd olundu.

Tədbirdə çıxış edən Muzeyin Direktoru Aqrita Tipane artıq “Riqa Art Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikinci sərginin keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə malik olduğunu, Azərbaycan xalçaçılıq sənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğunu söyləmişdir. O, bu yaxınlarda Səfirlik tərəfindən Latviya ictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın əbədi sərvətləri” adlı kitabından söz açaraq, ölkəmizin zəngin mədəniyyət irsinə sahib olduğunu vurğulayıb.

Çıxış edən digər natiqlər bu sərginin Azərbaycan irs nümunələrinin keçmiş və gələcək arasında uğurlu sintez yaratdığını, xalçaların ənənəvi və müasir yanaşmaların təcəssüm etdiyini və nar rəmzinin dərin mənaya malik olduğunu qeyd ediblər.

Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası, “Azərxalça” ASC-nin fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub.

Qeyd olunmalıdır ki, 3D texnologiyası ilə toxunmuş narlı xalçalar “Azərxalça” ASC-nin gənc rəssam Samirə Allahverdiyeva ilə birgə əməkdaşlıq layihəsi olan “Bağçada meyvələr” kolleksiyasından ilhamlanaraq yaradılıb. Sərgidə xalça sevərlərin diqqətinə müxtəlif ölçülü və dizaynlı üç narlı xalça təqdim olunub.

Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair foto sərgi də təşkil olunub.

Tədbirin sonunda milli mətbəximizin ləziz təamları, o cümlədən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və çay süfrəsi, həmçinin nar məhsulları iştirakçılara təqdim edilib.

Tədbirdə Latviya Parlamentinin üzvləri, dövlət qurumların nümayəndələri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və media dairələrin təmsilçiləri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərginin qapıları bir ay ərzində ictimaiyyət üçün açıq olacaqdır.

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər