Azərbaycanda Dövlət Bayrağı Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Qafar Ağayev08:58 - 09 / 11 / 2024
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

1news.az xatırladır ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.

1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Paylaş:
149

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər