Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdür
Bu gün Xalq artisti Qədir Rüstəmovun anadan olduğu gündür.
1news.az Oxu.Az-a istinadən xatırladır ki, Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının 20-də Ağdam rayonunda anadan olub.
O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların sənətlə bağlı olan görüşləri Qədir Rüstəmovun ilk sənət məktəbi olub.
Orta məktəbi bitirərək əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, daha sonralar isə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.
Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olub. Nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb.
O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verib. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları "Rast", "Çahargah" məharətlə səsləndirilib, Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil edilib. "Sona bülbüllər"i isə onun səsinin avazında daha möhtəşəm təqdim olunub və bu ifadan sonra Qədir Rüstəmov daha çox sevilib.
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş filmdə Cabbar Qaryağdı oğlu roluna çəkilən Qədir Rüstəmov klassik muğamları böyük məharətlə ifa edib. Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1992-ci ildə Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adına layiq görülüb, 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Qədir Rüstəmov 2011-ci il dekabr ayının 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakıda dəfn edilib.