ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdə
“Əmək və məşğulluq” altsisteminə (ƏMAS) məhkumluq haqqında arayışın əldə olunması ilə bağlı yeni funksionallıq əlavə edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən 1news.az-a verilən məlumata görə, işçi məhkumluq haqqında arayış əldə etmək üçün “mygov” portalına və ya mobil tətbiqinə giriş edərək “Xidmətlər” bölməsindən "Məhkumluq haqqında arayış" seçimini edə bilər. Daha sonra "İşə qəbul üçün" və ya “digər” bölmələrindən birini seçməklə arayışın hansı məqsədlə tələb olunduğunu qeyd edə bilər.
“İşə qəbul üçün” seçimi edildiyi təqdirdə işçi qurumun adını və ya VÖEN-i daxil etməklə arayışı göndərmək istədiyi qurumu müəyyən edir və müvafiq arayış həmin qurumun ƏMAS altsisteminə rəqəmsal qaydada ötürülür.
İşəgötürənlər isə ƏMAS-ın “Təqdim olunan arayışlar” bölməsinə daxil olmaqla işçilərin məhkumluq haqqında arayışlarını elektron qaydada əldə edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yaradılmış bu funksionallığın əsas məqsədi işçilərin vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir.