Şövkət Ələkbərovanın ifa etdiyi dörd mahnının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb - SİYAHI
Bir neçə gün əvvəl məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının Youtube səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilmiş videonun Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinməsi barədə məlumat vermişdik.
Əqli Mülkiyyət Agentliyindən 1news.az-a verilən məlumata görə, Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib.
“Töhfə” mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi “Getmə amandır” mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Yavaş-yavaş” mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin “Qızıl Fondu”nda 6693-S kod nömrəsi altında saxlanılır.
“Bayram şamları” mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.
Bir daha xatırladırıq ki, müğənni Ş.Ələkbərovanın Youtube-də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinmişdir.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilmişdir.