Naqif Həmzəyev: İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük zirvələrə doğru irəliləyir
“Qalib ölkəmizin Qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycan böyük zirvələrə doğru irəliləyir, qüdrətini günü-gündən daha da artırır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, bildirib ki, müstəqil dövlətimizin bugünkü yüksəlişi, inkişafı bunu tam təsdiq edir.
“Yola salmağa hazırlaşdığımız 2024-cü il də Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tarixinin daha bir parlaq ili kimi yaddaşlara yazıldı. 2024-cü il, Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra regionun bərpası istiqamətində böyük addımların atıldığı bir il kimi qeyd edildi. Qarabağın bərpası tədricən tamamlanır, yeni infrastruktur layihələri həyata keçirilir. Bu il istifadəyə verilən Qarabağ Universiteti məhz həmin addımlardan biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu beynəlxalq səviyyəli ali təhsil ocağı Azərbaycanın gənclərinin bəşəri elmlərdən tutmuş mühəndislik sahələrinə qədər şəxsi inkişafını təmin edəcəkdir. Universitet həm də Qarabağın böyük elm mərkəzinə çevrilməsinə yol açacaqdır”.
“Azərbaycan 2024-cü ildə dünyada ən böyük beynəlxalq tədbirlərdən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti - 29-cu sessiyasına (COP 29) yüksək səviyyədə ev sahibliyi etdi” – deputat fikirlərinə əlavə edib:
“Dünya Azərbaycanın nailiyyətlərini, çoxlu sayda qonaq qəbul etmək və mötəbər tədbirlər keçirmək bacarığını bir daha gördü. Eləcə də "yaşıl gündəliyimiz" hamıya bir daha bəlli oldu. Prezident İlham Əliyev bu platformada ölkənin dayanaqlı inkişaf planlarını təqdim edərək Azərbaycanın yaşıl enerjiyə keçidini vurğulamışdır. Xüsusilə, Qarabağ bölgələrində istifadəyə verilən günəş və külək enerjisi layihələri beynəlxalq aləmdə çox böyük təqdir qazandırmışdır. Ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə yeni texnologiyaları inteqrasiya edir, həmçinin regionda ətraf mühitin qorunması istiqamətində liderliyini davam etdirir”.
N.Həmzəyev deyib ki, Azərbaycan xalqı müdrik dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında həmişə olduğu kimi 2024-cü ildə də sıx birləşərək yeni uğurlara imza atdı.
“Düşmənin 30 il ərzində xarabalığa çevirdiyi yurd-yuvamızın yenidən qurulması, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri daha geniş vüsət aldı. sürətlə davam etdi. Ölkəmizdə iqtisadiyyatın inkişafı ilə sosial məsələlərin miqyasının genişləndi. İqtisadiyyatımız inkişaf etdikcə vətəndaşların rifah halı daha da yaxşılaşır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, dövlətimizin siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa edildi. Qalib Prezidentimizin xalqa arxalanan siyasəti sayəsində Azərbaycan qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrildi.
Məhz, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində Azərbaycan əməkdaşlıq və dialoq məkanı, dünyaya sülh çağırışı edən bir ölkə kimi tanındı”.