Nazirlik: Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır
Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 azərbaycanlının Qazaxıstan Respublikasında müalicəsi davam edir.
Bildirilib ki, yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir:
"Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar".
Nazirliyin məlumatında vurğulanıb ki, yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.