Daha bir neçə xəstəlik üçün dərmanlar sığorta tərəfindən veriləcək - Agentlik rəsmisi şərtlərdən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir neçə xəstəlik üçün dərmanlar sığorta tərəfindən veriləcək - Agentlik rəsmisi şərtlərdən danışdı

Qafar Ağayev11:19 - 28 / 12 / 2024
Daha bir neçə xəstəlik üçün dərmanlar sığorta tərəfindən veriləcək - Agentlik rəsmisi şərtlərdən danışdı

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlayacaq” .

1news.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

““Tibbi sığorta haqqında” qanuna əsasən tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. 2025-ci ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub.

O, deyib ki, ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb.

“Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil edilib. Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan “dərmanların əsas təsiredici maddəsi və dozası”, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı “pozitiv siyahı” hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək.

Aynurə Əhmədova bildirib ki, pozitiv siyahıda “dərmanların brend adları və qiymətləri olacaq”. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - “sığorta tərəfindən”, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək. Qeyd edək ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.

Aynurə Əhmədova deyib ki “Bildiyiniz kimi, əsas təsiredici maddə əsasında müxtəlif brendlərə məxsus dərmanlar istehsal olunur.

“Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni şərti kompensasiya məbləği ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər”.

İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Agentlik qanunvericiliyə uyğun fəaliyyət göstərən “özəl apteklərlə” əməkdaşlıq müqavilələri bağlayacaq. Vətəndaş elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun “pozitiv” “siyahıdakı” dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər”.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər