Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
1news.az xəbər verir ki, komitə sədri Şahin İsmayılov bugünkü iclasın gündəliyinə iki məsələnin - komitənin 2024-cü ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini deyib.
Komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verilərkən bildirilib ki, hesabat dövründə Gənclər və idman komitəsinin 6 iclası keçirilərək, 7 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, ötən payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərə baxılaraq, müvafiq tədbirlər görülüb. Ş.İsmayılov komitə üzvlərinin ictimai dinləmələrdə və digər tədbirlərdə fəal iştirakından danışıb. Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, yarışlarda uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar, sosial şəbəkələrdə, mediada günün aktual məsələləri ilə əlaqədar mövqelərini bildiriblər.
Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verilib ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanın aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Sonra komitə üzvləri çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.