NİİM: Ötən il paytaxtda 389 svetofor quraşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM: Ötən il paytaxtda 389 svetofor quraşdırılıb

10:28 - 27 / 01 / 2025
NİİM: Ötən il paytaxtda 389 svetofor quraşdırılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 2024-cü ildə paytaxtın müxtəlif küçə və prospektlərində ümumilikdə 389 svetofor quraşdırılıb.

1news.az xəbər verir ki, bu barədə NİİM-in məlumatında deyilir.

Onlardan 235-i avtomobil, 154-ü isə piyada svetoforudur. Bununla yanaşı, 25 yolayrıcındakı svetoforlardan 10-da vaxt planı, 15-də isə iş rejimi dəyişdirilib. Ötən il bu yollarda svetoforların vaxt planı və iş rejimi dəyişdirilib. Nəticədə nəqliyyat sıxlığı azalıb, qəza şəraiti aradan qalxıb. Sabunçu rayonu, Şəhər şosesi ilə Mübariz İbrahimov küçəsinin kəsişməsindəki svetoforun vaxt planına dəyişiklik edilərək səhər pik saatlarında Özbəkistan küçəsi istiqamətində svetoforun vaxtı 5 saniyə artırılıb, nəticədə qeyd olunan küçədə müşahidə olunan sıxlığın uzunluğu 310 metrdən 75 metrə qədər azalıb;

Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsindəki svetoforun vaxt planına dəyişiklik edilərək Mehdiabad yolunun faza vaxtı 7 saniyə artırılıb, nəticədə axşam saatlarında bu yolda hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb;

Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik edilməklə Zabrat şosesi istiqamətində avtomobillərin sola təhlükəsiz dönmə etməsi üçün svetoforun yaşıl işığı 10 saniyə artırılıb, bir ədəd təkrarlayıcı svetofor dirəyi və 2 ədəd piyada seksiyası quraşdırılıb;

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində hərəkətin təşkilindəki dəyişikliyə uyğun olaraq svetoforun iş rejimi dəyişdirilib (Zahid Qəmbərov küçəsindən sağa və sola hərəkət edən nəqliyyat vasitələrinə əlavə faza vaxtı ayrılıb) və təkrarlayıcı soladönmə seksiyası quraşdırılıb;

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində svetoforun düzünə və piyada faza vaxtları artırılıb və əlavə 3 ədəd sola dönmə seksiyası quraşdırılıb, eyni zamanda Elşən Mehdiyev küçəsindəki svetoforun kontrolleri yenisi ilə əvəz edilərək iş rejimi günün saatlarına uyğun dəyişdirilib. Nəticədə Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin “Bakıxanov” dairəsində yaranan nəqliyyat sıxlığının qarşısı alınıb;

Nərimanov rayonu, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki mövcud svetoforun vaxt planına dəyişiklik edilib, Ziya Bünyadov prospekti köməkçi yoldan hərəkət edən nəqliyyat vasitələrinin faza vaxtı 5 saniyə artılıb (digər faza vaxtından 5 saniyə alınaraq) və nəticədə Ziya Bünyadov prospekti köməkçi yolda pik saatlarda yaranan nəqliyyat sıxlığının uzunluğu 350 metrdən 130 metrə qədər azalıb;

Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsindəki mövcud svetoforun vaxt planına dəyişiklik edilib, Xəqani Rüstəmov küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin faza vaxtı 5 saniyə artırılıb və nəticədə sözügedən küçədə pik saatlarda nəqliyyat axınının intensivliyi 12 faiz azalıb;

Nəqliyyat axınının intensivliyini artırmaq məqsədi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsindəki mövcud svetoforun vaxt planına dəyişiklik edilib, hər iki küçənin faza vaxtı 5 saniyə artırılıb və nəticədə Sülh küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu pik saatlarda 320 metrdən 90 metrə qədər azalıb;
Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindəki mövcud svetoforun iş rejiminə dəyişiklik edilib, Əbdülrəhim bəy Haqverdiyev küçəsi ilə hərəkət edən nəqliyyat axınının intensivliyini artırmaq məqsədi ilə sözügedən küçədən sola dönən nəqliyyat vasitələri üçün faza vaxtına düzünə hərəkət də əlavə edilib, nəticədə Əbdülrəhim bəy Haqverdiyev küçəsində nəqliyyat axınının intensivliyi pik saatlarda artıb;

Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi ilə Xocalı prospektinin kəsişməsindəki mövcud svetoforun vaxt planına dəyişiklik edilib, Nəcəfqulu Rəfiyev küçəsindən sola (Xocalı prospektinə) dönən nəqliyyat vasitələri üçün səhər pik saatlardakı faza vaxtı 10 saniyə artırılıb və nəticədə sözügedən istiqamətdə sıxlıq aradan qalxıb. Bununla yanaşı, həmin yolayrıcında sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə Xocalı prospektindəki mövcud svetofor dirəyində sola dönən nəqliyyat vasitələri üçün yaşıl lampanın üzərinə “sola dönmə” vinil örtüyü yapışdırılıb;

Ceyhun Hacıbəyli küçəsindəki mövcud piyada svetoforunun iş rejiminə dəyişiklik edilərək piyadalar üçün “piyada düyməsi” qurğusu quraşdırılıb və nəticədə nəqliyyat axınının ləngiməsi azalıb.

Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçələrinin kəsişməsindəki svetofor dirəyinə 1 ədəd təkrarlayıcı bölmə quraşdırılıb;

Nizami rayonu, Babək prospekti, “Maşın bazarı” dairəsindəki svetoforun iş rejimi dəyişdirilərək “piyada düyməsi” quraşdırılıb;

Nərimanov rayonu, Azadlıq prospektində yaranmış nəqliyyat sıxlığını aradan qaldırmaq məqsədilə Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələri ilə kəsişmələrdəki svetoforların vaxt dövrü 20 saniyə artırılıb;

Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki mövcud piyada svetoforunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş faza vaxtı 50 saniyədən 70 saniyəyə artırılıb. Nəticədə sözügedən küçədə nəqliyyatın orta sürəti 5 km/s artıb;

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki svetoforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib. Nəticədə yolayrıcında yaranan nəqliyyat yığılması aradan qalxıb;

Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki mövcud svetoforun dirəyinə 2 ədəd təkrarlayıcı bölmə quraşdırılıb;

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik edilərək Əhməd Rəcəbli küçəsi istiqamətində avtomobillərin sola təhlükəsiz dönməsi üçün svetoforun yaşıl işığı 8 saniyə artırılıb;

Avtobus zolaqlarının təşkil edilməsi ilə bağlı Şəhər şosesindəki nəqliyyat intensivliyini artırmaq məqsədilə sözügedən şosenin Əcəmi Naxçıvani və Mübariz İbrahimov küçələri ilə kəsişmələrində yerləşən svetoforların faza vaxtı 10 saniyə artırılıb;

Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki svetoforun təkrarlayıcısının faza vaxtı 10 saniyə artırılıb, nəticədə yolayrıcında yaranan nəqliyyat yığılması aradan qaldırılıb;

Nizami rayonu, Qara Qarayev prospektinin Azər Manafov və Şirin Mirzəyev küçələri ilə kəsişmələrindəki svetoforların təkrarlayıcılarında yaşıl işığının müddəti 10 saniyə artırılıb, nəticədə hər iki yolayrıcında hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib;

Binəqədi rayonu, Mircəlal və Asif Məhərrəmov küçələrinin kəsişməsində svetoforun Mircəlal küçəsindən Asif Məhərrəmov istiqamətində sola hərəkət edən nəqliyyat vasitələri üçün faza vaxtı 10 saniyə artırılıb;

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən cari ildə də tədbirlər planı çərçivəsində işlər davam etdiriləcək.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər