Qadın və Uşaq Sığınacağına gətirilən qadın Psixiatrik Kliniki Xəstəxanaya yerləşdirildi
Azərbaycanda gənc qadın falçının proqnozlarından sonra psixi xəstəliyə tutulub.
1news.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, sığınacağa gətirilən qadında psixi pozuntular aşkarlanıb:
"Sığınacağa bir xanım gətirilib. O, iki-üç gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün gün ağlayır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülməyə başlayırdı. Narahat olub qadını müayinə üçün xəstəxanaya göndərdik. Nəticədə qadına şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu".
M.Zeynalovanın sözlərinə görə, qadının qohumları onun 17 yaşına qədər normal olduğunu deyiblər:
"Lakin 17 yaşında falçıya gedib. Falçı ona deyib ki, sizin evdə iki qara çadır görürəm. Bu sözlərdən sonra o, evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib".