Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, SSR Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.
1news.az Oxu.Az-a istinadən xatırladır ki, Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin fevralın 4-də Bakıda anadan olub. O, soyad kimi atasının ləqəbini - Bülbül götürüb.
O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.
1973-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarını alıb.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "Müqəddəs Knyaz Nevski" mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.
O, Qarabağa etdiyi səfərlərdə Azərbaycanın marağına uyğun apardığı bir sıra işlərə görə, "Eşq və ölüm" baletinin Moskvada tamaşa qoyulması ilə mədəniyyətə verdiyi töhfəyə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
2005-ci ildə "İstiqlal" ordeni ilə, 2015-ci ilin fevralın 3-də "Şərəf" ordeni ilə təltif edilib.
2016-cı ilin mayın 18-də məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.
2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.
2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib.
2024-cü il sentyabrın 23-də Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.