Azərbaycanda daha 4 KOB subyekti vergidən azad olunub
“Startap” şəhadətnaməsinin verilməsi üzrə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
1news.az KOBİA-ya istinadən xəbər verir ki, iclasda KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 4-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri "Mobil mühasib" MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, "Performance Center" MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, "İDDO PSP" MMC-nin “İDDO” sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və "YOLLAZ" MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.