Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb - FOTO

10:00 - 07 / 02 / 2025
Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində sayca dördüncü dəfə təşkil edilən “Kazanış” Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb.

Tədbiri giriş sözü ilə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və Kazan meri İlsur Metşin açıblar.

Forum Qaliasqar Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrının yeni binasında keçirilir. Binanın müəllifi yaponiyalı Kenqo Kuma da daxil olmaqla tanınmış beynəlxalq memarlar konsorsiumudur. Tədbir teatrda BRICS+ formatına daxil 23 ölkəni təmsil edən 11 mindən çox iştirakçını bir araya gətirib.

“Kazan mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilib”, - respublika rəhbəri bildirib. Kazan 2024-cü ildə BRICS ölkələrinin sammitinə, daha əvvəl isə Universiada və İslam dünyası ölkələrinin sammitləri də daxil olmaqla bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Öz növbəsində, Kazan meri İlsur Metşin forum iştirakçılarının diqqətini Qərb və Şərqin rəmzi görüş nöqtəsi olan şəhərin özünəməxsusluğuna cəlb edib:

“Şadam ki, dünyanın hər yerindən, o cümlədən BRICS ölkələrindən olan tərəfdaşlarımızı təmsil edən 11 mindən iştirakçı dəvətimizi qəbul edib və tədbirdə iştirak üçün qeydiyyatdan keçib. Bu forumda bir çox ilklərə imza atılacaq. İlk dəfə olaraq biz aparıcı şəhərlərin, ölkələrin və BRICS ölkələri şəhərlərinin şəhərsalma mütəxəssislərini və baş memarlarını bir platformada birləşdirdik. Bundan başqa, BRICS ölkələrinin aparıcı şəhərlərinin memarlıq universitetlərinin rektorları ilk dəfə olaraq şəhərimizə təşrif buyurub. Həmin ali təhsil müəssisələrində 680 min tələbə təhsil alır. Digər tərəfdən, bir çox şəhərin meri ilk dəfə olaraq şəhərimizin qonağıdır və tədbirdə iştirak edəcək. Qarşımızda kifayət qədər sadə, lakin vacib və müəyyən mənada mürəkkəb vəzifə durur. Məqsəd ən uğurlu təcrübələrin mübadiləsinə nail olmaqdır”, - Tatarıstan paytaxtının rəhbəri bildirib.

Kazan şəhəri artıq çoxdan türk xalqları arasında mədəni, iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi üzrə hərəkətverici qüvvəyə çevrilib.

İlsur Metşin qeyd edib ki, Tatarıstanın paytaxtı bu cür yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi ilə qürur duyur. Şəhər rəhbərliyi Kazanda rahat və komfortlu mühitin yaradılması və inkişaf etdirilməsi üçün əlindən gələni edir.

Azərbaycan və Tatarıstan Respublikası arasında tarixən yaxın və möhkəm işgüzar əlaqələr olub. Hazırda Zəngilanda inşası davam etdirilən “KamAZ” innovativ xidmət mərkəzi bu əlaqələrin bariz nümunəsidir. “Kazanış” forumunun təşkilatçıları Tatarıstan paytaxtında keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndələrinin iştirak etməsindən məmnun olacaqlarını bildiriblər.

Xatırladaq ki, 2024-ü ildə Kazanda keçirilmiş BRICS sammitində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu vurğulamışdı. “Kazanış” Forumu çoxqütblü dünyanın inkişafına doğru növbəti addım hesab olunur və bu baxımdan Kazan əsas hərəkətverici qüvvələrdən birinə çevrilməkdədir.

Forumun işi haqqında ətraflı məlumatı https://forum-kazanysh.ru/ saytından əldə edə bilərsiniz.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər