Regionun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgilərinə hazırlıq sürətlə davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Regionun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgilərinə hazırlıq sürətlə davam edir – FOTO

15:16 - 18 / 02 / 2025
Regionun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgilərinə hazırlıq sürətlə davam edir – FOTO

May ayında Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük beynəlxalq sərgiləri təşkil ediləcəkdir.

Sayca 18-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. 2024-cü ildə sərgiləri Prezident İlham Əliyevlə birgə Belarus Prezidenti Aleksandr Lukaşenko da ziyarət etmişdir. “Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir.

Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər.

2025-ci il “InterFood Azerbaijan” sərgisi üçün əlamətdar olacaqdır. Belə ki, regionunun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini qeyd edəcək.

Hazırda aktiv şəkildə sərgilərə hazırlıq prosesi davam edir. 2024-cü ildə rekord sayda iştirakçı auditoriyasına sahib olmuş sərgilər Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə etmişdir. Bu il də Bakı Ekspo Mərkəzində əksər yerlər müxtəlif ölkələri təmsil edən sərgi iştirakçıları tərəfindən tutulmuşdur. Beləliklə, sərgilərdə iştirak üçün məhdud sayda yerlər qalmışdır.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Çin, Cənubi Koreya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İordaniya, İran İslam Respublikası, İspaniya, İsrail, İtaliya, Latviya, Misir, Niderland, Rusiya Federasiyası, Şri Lanka, Türkiyə, Türkmənistan, Ukrayna və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Şri-Lanka və ilk dəfə olaraq Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək. “Prior Leasing ASC” bu sərginin qeydiyyat sponsoru qismində çıxış edəcəkdir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Sərgilər haqqında ətraflı və yenilənən məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Eləcə də, 2025-ci ildə təşkil ediləcək sərgilərin təqvimini rəsmi internet səhifəsində (https://exhibitions.ceo.az/az/exhibitions-calendar) və sosial şəbəkə hesablarında nəzərdən keçirmək olar.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər