Yol polisi hazırda magistral yollarda müşahidə edilən vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi magistral yollardakı vəziyyətlə bağlı açıqlama yayıb.
İdarənin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, hazırda Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən başlayaraq), Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən başlayaraq), Gəndob-Yalama yolunda ( 41-ci km-dən başlayaraq), Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən başlayaraq), Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda, Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq) Ağsu aşırımında fasilələrlə qar yağışı müşahidə olunur.
“Yollarda hər hansı məhdudlaşma yoxdur. Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.
Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilib.