Nərimanovda bəzi küçələrdə su xətlərinin yeri dəyişdirilir - FOTO

Bakının Nərimanov rayonunun bəzi küçələrində su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir.
Bu barədə 1news.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ilə Əliyar Əliyev küçələrinin kəsişməsində, o cümlədən akademik Həsən Əliyev küçəsinin sonunda "Ulduz" metrosunun çıxışına yaxın ərazilərdə yeni yolların çəkilməsi, tunellərin qurulması məqsədilə aparılan işlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nərimanov rayon Sukanal İdarəsi müvafiq işlərə başlayıb: "Hazırda həmin ərazidə su xətlərinin yerinin dəyişdirilməsi işləri həyata keçirilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə qeyd edib ki, görülən işlər çərçivəsində abonetlərin su ilə təminatında müvəqqəti fasilə yarana bilir: “Həmin ərazidə yaşayan vətəndaşların bunu anlayışla qarşılamaqları xahiş olunur. Nəticədə məqsəd əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin etməkdir. Bu fasilələr də məhz görülən işlər çərçivəsində vətəndaşların məmnunluğuna xidmət edir".
Onun sözlərinə görə, şəbəkələrdə aparılan təmir-bərpa ilə əlaqədar bir neçə saatlıq fasilələrin yarandığı ərazilərdə abonetlərin digər mənbələrdən su ilə təminatına da çalışılır: "Xidmətin bu fəaliyyəti nəticəsində fasilə ilə üzləşən abonentlərə görülən işləri anlayışla qarşıladıqlarına və ali məqsədimizin vətəndaş məmnunluğunu yüksək səviyyəyə çatdırmaq olduğunu qəbul edərək fəaliyyətimizə mənəvi dəstək göstərdiklərinə görə minnətdarlığımızı bildiririk".




