“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlandı

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
1news.az xəbər verir ki, Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.





