ƏMAS-da yeni funksionallıq: 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən razılıq tələb olunur

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.
1news.az xəbər verir ki, yeniliyə əsasən, 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlarından) və ya qanunla onları əvəz edən şəxslərdən birinin yazılı razılığının ƏMAS-a əlavə edilməsi məcburidir.
Yeni funksiya yazılı razılıq olmadan əmək müqaviləsinin altsistemə daxil edilməsini texniki olaraq məhdudlaşdırır.
Bu da əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi və yeniyetmələrin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.
Bu dəyişiklik Əmək Məcəlləsinin 46-cı maddəsinin tələblərinin rəqəmsal mühitdə icrasını təmin etmək məqsədi daşıyır.