Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb, evlərin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün Ağdərənin Suqovuşan kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
1news.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə - 179 nəfər köçürülüb.
Bu gün kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açarlar sahiblərinə verilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.
Qeyd olunub ki, Suqovuşan kəndi fasiləsiz elektirik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə dörd köç karvanı olub.
Kənddə ümumilikdə 180 ailə məskunlaşıb.
12:44
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 9-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin yenidən qurulan Suqovuşan kəndinə yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə - 179 nəfər köçürülür. Onlar Suqovuşan kəndində inşa olunan yaşayış kompleksindəki mənzillərdə məskunlaşacaqlar. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.








