Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

Qafar Ağayev13:06 - Bu gün
Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Hanoyda Nguyen Dinh Chieu orta məktəbində olub.

1news.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub.

Burada keçirilmiş görüşdə Fondun ölkəmizdə görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv təhsil sahəsindəki layihələri barədə məlumat verilib. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişinin imzalandığı, bu layihənin görmə qabiliyyəti məhdud insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəldiyi qeyd edilib. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü əsasında xüsusi internat məktəbinin nəzdində mətbəə yaradıldığı, burada Brayl əlifbası ilə dərslik və dərs vəsaitlərinin çap olunduğu bildirilib.

Leyla Əliyeva inklüziv təhsilə dəstək çərçivəsində Vyetnamdakı görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən məktəbə görmə qabiliyyəti məhdud uşaqların təhsilinə dəstək məqsədilə bir sıra avadanlıqlar hədiyyə olunacaq.

Qeyd edək ki, 1982-ci ildən fəaliyyət göstərən məktəb görmə qabiliyyəti məhdud uşaqlar üçün nəzərdə tutulub. 1988-ci ildən isə sözügedən məktəbdə görmə qabiliyyəti olan şəxslər də təhsil ala bilirlər. Məktəbdə hazırda 1800 şagird, o cümlədən 145 görmə qabiliyyəti məhdud şəxs təhsil alır.

Müəllim heyəti akademik fənlərin tədrisi ilə yanaşı, həm də inklüziv təhsil modelinin inkişafı ilə məşğul olur. Burada inklüziv təhsil üçün geniş sistem qurulub. Məktəbin missiyası bərabər keyfiyyətli təhsil imkanlarını təmin, müstəqilliyi və cəmiyyətə inteqrasiyanı təşviq etməkdir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər