İlin ilk üç ayında açıq məkanda 7 minə yaxın reklamın yayımı dayandırılıb

Bu ilin birinci rübündə ümumilikdə 48 min 701 obyektə baxış keçirilib, açıq məkanda 6 950 reklamın yayımı dayandırılıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyində açıq məkanda reklam sahəsində görülən işlərin I rübün nəticələrinə həsr olunan hesabat iclasında məlumat verilib.
Qeyd olunub ki, ilk 3 ayında reklam yayımlamaq üçün Agentliyə 15 min 218 müraciət daxil olub, 85 min 364 reklamın yayımına icazə verilib.
Məlumata görə, hesabat dövründə qeyri-qanuni reklamların sayı əvvəlki rüblərlə müqayisədə azalıb.
Agentlik sədri Fərhad Adıgözəlov çıxışı zamanı bildirib ki, şəhər estetikası ilə uzlaşan reklam daşıyıcılarının təşviqi və rəqəmsal texnologiyaların tətbiqi yaxın dövrün əsas hədəfləri sırasındadır.
İclasda həmçinin ilin ikinci rübü üçün fəaliyyət planları və prioritet istiqamətlər müzakirə olunub, ərazi idarələrinin rəhbərlərinə tapşırıqlar verilib.