Eldar Səmədov: Aşkarlanan kütləvi məzarlıqda insan qalıqları üzərində zorakılıq əlamətləri müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Səmədov: Aşkarlanan kütləvi məzarlıqda insan qalıqları üzərində zorakılıq əlamətləri müşahidə olunur

Qafar Ağayev12:55 - 01 / 05 / 2025
Eldar Səmədov: Aşkarlanan kütləvi məzarlıqda insan qalıqları üzərində zorakılıq əlamətləri müşahidə olunur

“Bu gün isə azad olunmuş ərazilərimizdə artıq 25-ci kütləvi məzarlıq aşkar olunmuşdur”.

1news.az xəbər verir ki, bunu Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlığa baxış zamanı jurnalistlərə açıqlamasında deyib.

“Aprel ayında apardığımız qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanmışdır. Onlardan biri Şuşa şəhəri yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşdiyi ərazidə yerləşir. Həmin ərazidə azı 5 nəfərə aid olduğu ehtimal edilən insan qalıqları aşkar olunmuşdur. Yol tikintisi aparıldığından meyit qalıqları ərazidən götürülmüşdür.

Hazırda isə, gördüyünüz kimi, Əsgəran-Xocalı yolu üzərində yerləşən digər bir kütləvi məzarlıqda azı 7 nəfər itkin şəxsin qalıqları tapılıb. Mütəxəssislərin rəyinə əsasən, meyit qalıqları əsasən mülki şəxslərə aiddir və burada qeyri-ənənəvi dəfn faktı aşkarlanıb”.

O, bildirib ki, ümumilikdə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bu günə – 1 may 2025-ci il tarixinə – olan məlumata əsasən, Dövlət Komissiyası tərəfindən 3990 vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

“Son illər ərzində aparılan axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 170 nəfərin taleyinə aydınlıq gətirilmişdir”.

Komissiya rəsmisi deyib ki, Ermənistan tərəfi uzun illərdir Xocalı soyqırımı ilə bağlı hadisələrə özlərinə məxsus yanaşma sərgiləmiş, onların uydurmasına görə mülki əhalinin şəhəri tərk edərkən onlara humanitar dəhliz verildiyi iddiasını irəli sürülmüşdür.

“ Lakin burada – yol kənarında tapılan bu kütləvi məzarlıq göstərir ki, belə bir dəhliz mövcud olmamış, insanlar, mülki şəxslər, qəsdən qətlə yetirilmiş və kütləvi şəkildə basdırılmışdır.

Beynəlxalq humanitar hüququn, o cümlədən Azərbaycan və Ermənistanın qoşulduğu Cenevrə Konvensiyalarının 3-cü maddəsinə əsasən, insanların girov götürülməsi qadağandır. Lakin bu fakt göstərir ki, həmin şəxslər təkcə girov götürülməyib, həm də beynəlxalq humanitar hüquqa zidd olaraq işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və qeyri-ənənəvi şəkildə basdırılmışdır.

Azərbaycan dövləti həm Xocalı soyqırımı zamanı, həm də ümumilikdə Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində itkin düşən şəxslərlə bağlı uzun müddət beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan tərəfinə rəsmi sorğular ünvanlamış, bu şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb etmişdir. Təəssüf ki, Ermənistan bu gün də bu faktları gizlətməyə davam edir. Lakin xalq arasında deyildiyi kimi, "cidanı çuvalda gizlətmək olmaz" – bu gün tapılan faktlar Ermənistanın törətdiyi növbəti cinayətlərin sübutudur”.

E.Səmədov deyib ki, bu kütləvi məzarlıqda insan qalıqları üzərində zorakılıq əlamətləri müşahidə olunur.

“ Mən özüm və mütəxəssislər baxış keçirmişik – ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədə izləri və sınıqlar aşkarlanmışdır. Aydın şəkildə görünür ki, bu şəxslər mülki şəxslərdir – onların geyimləri də bunu sübut edir. Mütəxəssislərin ilkin rəyinə əsasən, qurbanların əksəriyyətinin qadınlar olduğu ehtimal olunur.

Qazıntı prosesi davam etdiriləcək. Ola bilər ki, aşağı qatlarda əlavə qalıqlar da aşkarlansın. Ətraf ərazilərə mütəxəssislər – xüsusilə arxeoloqlar – tərəfindən baxış keçiriləcək. Tapılan qalıqlar ərazidən götürülərək müvafiq laboratoriyalarda identifikasiya ediləcək".

O, bildirib ki, 1 may 2025-ci il tarixinə olan məlumata əsasən, Xocalı soyqırımı zamanı 210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır.

“Onlardan 38 nəfəri uşaq, 42 nəfəri hərbi qulluqçudur, digərləri isə mülki şəxslərdir. 2024-cü ilin fevral ayında Xocalı şəhərinin içərisində bir kütləvi məzarlıq, sonradan isə Qaladərəsi ərazisində Xocalı soyqırımı ilə əlaqəli olduğu ehtimal edilən daha bir kütləvi məzarlıq aşkarlanmışdır. Fevral ayında Xocalı şəhərində tapılan məzarlıqdan 18 nəfərə aid meyit qalıqları çıxarılmışdır. Onlardan 10 nəfəri artıq identifikasiya olunaraq ailələrinə təhvil verilmiş, digərləri ilə bağlı identifikasiya prosesi davam etdirilir”.

Foto: Nadir İbrahimli

Paylaş:
135

Son xəbərlər

Bütün xəbərlər