Azərbaycanla Keniya arasında ekstradisiya və hüquqi yardımla bağlı müzakirə aparılıb

Baş prokuror Kamran Əliyevin Keniyaya işgüzar səfəri davam edir.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Keniyalı həmkarı Renson İnqonqanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə işgüzar səfərdədir.
İyunun 8-də Keniya Respublikasının Prezidenti Uillyam Ruto nümayəndə heyətini qəbul edib.
Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.
Prezident Ruto, öz növbəsində, dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Keniya arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.
Daha sonra Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa ilə ikitərəfli görüş keçirib. Baş prokuror iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında, ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində son illərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə Renson İnqonqa qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana həyata keçirdiyi üç işgüzar səfəri qeyd edib.
İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Ölkəmizə səfəri çərçivəsində Ağdam rayonuna etdiyi ziyarət zamanı işğal dövründə Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, 2024-cü ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun icrası, süni intellektin tətbiqi, cinayətkarlığa qarşı mübarizə, ekstradisiya və hüquqi yardım haqqında müqavilənin hazırlanması, qarşılıqlı təlim səfərləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev iştirak edib.
Elə həmin gün hər iki ölkənin baş prokurorları Kamran Əliyev və Renson İnqonqa ölkəmizin Keniyada yeni açılmış səfirliyini ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib, fəaliyyətlərində uğurlar arzulanıb.
Azərbaycan nümayəndə heyətinin Keniyaya işgüzar səfəri davam edir.








