Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO

13:28 - Bu gün
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində iyunun 21-də Şuşa şəhərində olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olub.

Şuşa şəhəri işğaldan azad olunandan sonra bir sıra tarixi binalar kimi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı yeni ekspozisiya yaradılıb. Burada Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Nümayəndə heyəti sonra “Şirin su” hamamına baxıblar. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikililər inşa olunmuş, hamam yararsız vəziyyətə salınmışdı. “Şirin su” hamamı 2022-2024-cü illərdə bərpa olunub.

Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınır. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olublar. Bu küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşanın daşlarından istifadə olunur. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyində də olublar. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş olunurdu.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa şəhəri işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Xarici diplomatlar sonra Mehmandarovların malikanə kompleksinə gəliblər. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.

Sonda Cıdır düzünə gələn diplomatik korpusun nümayəndələri buradan açılan təbiət mənzərəsini seyr ediblər. Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Səfər iştirakçıları Cıdır düzündən açılan təbiət mənzərəsini seyr ediblər.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında görülən işlərlə tanış olublar.

10:00

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında olublar.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər