MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində olub

Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndə heyəti Çinə səfəri çərçivəsində Sinxua xəbər agentliyində olub.
Bu barədə 1news.az-a MEDİA-dan məlumat verilib.
Sinxua agentliyinin rəhbərliyi ilə görüş zamanı Medianin İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cari ilin aprelində Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və digər sənədlərin imzalanmasının mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib.
Sinxua agentliyinin prezidenti Fu Hua rəhbərlik etdiyi qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri zamanın sınağından keçmiş və möhkəm təməl üzərində qurulub. Fu Hua Sinxua ilə AZƏRTAC-ın son illərdə bir çox istiqamətdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, bir-birinin media layihələrinə dəstək verdiyini, mütəmadi xəbər mübadiləsi apardığını diqqətə çatdırıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev rəhbərlik etdiyi agentliyin Sinxua ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib, agentliklərin sıx əməkdaşlıq etdiyini deyib. O, xəbər və peşəkar təcrübə mübadiləsinin, birgə layihələrdə iştirakın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin media qurumları arasında sıx əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. İdarə Heyətinin sədri, eyni zamanda, media sahəsində tərəfdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edərək, bu işbirliyinin daha da dərinləşməsi üçün qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar müzakirə edilib.


