Agentlik xaricdə təhsil alan vətəndaşlara müraciət edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciət edib.
Xaricdə natamam ali təhsil alanlar üçün qismən tanınma
TKTA-dan 1news.az-a bildirilib ki, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün, ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün TKTA-ya müraciət etməlidir.
Müraciət müddəti uzadılıb
Bildirilib ki, TKTA tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilmə müddəti 7 iyul saat 18:00-dək uzadılıb.
Köçürülmə prosesi müvafiq qaydalara əsaslanır
Qeyd edilib ki, köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
Qismən tanınma şəhadətnaməsinin hüquqi gücü
Bildirilib ki, qismən tanınma şəhadətnaməsi sənəd sahibinə yalnız Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.
Elektron müraciət qaydası
Köçürülmə prosesində iştirak etmək istəyən şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, 7 iyul saat 18:00-dan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.
TKTA-nın səlahiyyəti
Xüsusilə vurğulanır ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir. Yekunda təqdim olunan şəhadətnamə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.