Ədalət Həsənov: “Rusiya ikinci qardaşın ölümünə səbəb kimi ürək çatışmazlığı göstərsə də, biz travmalar aşkarladıq”

“Rusiya tərəfindən verilən şəhadətnaməyə əsasən kiçik qardaş Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar.
1news.az xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.
“Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?” - deyə, Ə.Həsənov əlavə edib:
“Qardaşlardan kiçiyi olan Ziyəddin Səfərovun ölümünə səbəb kimi xəstəliyi göstərib. Amma biz daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər heç də birinci qardaşdan fərqlənmirdi. Başın dəri örütüyünün iç səthində qan sızmalar, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması qənaətinə gəldik. Döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Kobud sınıqlar var idi. Hətta biz qabırğanın birini tapa bilmədik, götürmüşdülər. Qabırğaların çoxsaylı sınıqları, diafraqmada qan sızmalar, paranefral sahələrdə qan sızmalar, hemotomalar, onurğada yumşaq toxumalarda yayılmış qan sızmalar, xayaların və xayalığın qançırları və qan sızmalar ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır posttravmatik şok olub. Kəskin ziddiyyət ikinci meyitdədir. Rusiya ölümə səbəb kimi ürək çatışmazlığı göstərsə də, bz tamamiklə başqa geniş yayılmış travmalar aşkarladıq”, - Ədalət Həsənov qeyd edib.