“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna kommentariya təqdim olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna kommentariya təqdim olundu

Qafar Ağayev14:54 - Bu gün
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna kommentariya təqdim olundu

İyulun 8-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatını keçirib.

1news.az xəbər verir ki, tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində maarifləndirmə İnstitutun qarşısında duran əsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri kimi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 50 maddəsi İnstitut tərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlanıb. O, qeyd edib ki, bu şərh həbsdə olan şəxslərin hüquqlarının qorunması sahəsində mövcud hüquqi mexanizmlərin daha dolğun anlaşılmasına və beynəlxalq standartlarla uzlaşan hüquqi təcrübənin formalaşmasına xidmət edəcək. Sədr, eyni zamanda, İnstitutun son illərdə hüquq icması və geniş əhali üçün hazırladığı müxtəlif məhsullar (virtual kitabxana, məqalə və hüquqşünas alimlərin bazası, PASS Platforması və s.) barədə ətraflı məlumat verib.

Sonra çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, ədliyyə polkovniki Vüqar Abışov bildirib ki, Penitensiar Xidmət insan hüquqlarının müdafiəsi və beynəlxalq standartların tətbiqinə, eləcə də hüquqi maarifləndirməyə xüsusi önəm verir. Xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması, təlimlərin mütəmadi keçirilməsi və onların hüquqi ədəbiyyatla təminatı daim diqqət mərkəzində saxlanılır. O, İnstitutun da bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyəti, xüsusilə bu cür önəmli mövzuda nəşrin hazırlanaraq peşəkar auditoriyaya təqdim olunmasını təqdirəlayiq hesab edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova isə çıxışında Kommentariya barədə ətraflı məlumat verib, şərhin beynəlxalq sənədlərə və məhkəmə qərarlarına əsaslandığını, həmçinin kitabda azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarına hörmət və müvafiq beynəlxalq standartların əsas götürüldüyünü vurğulayıb.

Təqdimatda iştirakçıların Kommentariyada qaldırılan məsələlər ətrafında apardıqları müzakirələr mövzunun daha geniş və əhatəli şəkildə anlaşılmasına imkan yaradıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfəddin İbayevin redaktorluğu ilə hazırlanan 625 səhifəlik bu kitab Penitensiar Xidmət əməkdaşları, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar və ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün çox faydalı bir vəsaitdir.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər