AZAL jurnalistlər üçün Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti AZAL Milli mətbuatın 150 illiyi münasibətilə yerli media nümayəndələri üçün xüsusi media-tur təşkil edib.
Yeni istiqamətlərin tanıdılması məqsədi daşıyan səfər çərçivəsində jurnalistlər 10-13 iyul tarixlərində Türkiyənin Adana və Mersin şəhərlərinə səfər edəcəklər.
1news.az-ın əməkdaşının da iştirak etdiyi səfər çərçivəsində jurnalistlər həm Adana və Mersinin turizm əhəmiyyətli yerləri ilə tanış olacaq, həm də təlimdə iştirak edəcəklər.
Təlimdə iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək.
Bundan əlavə, proqram çərçivəsində turizm jurnalistikası sahəsində müasir yanaşmalar, reportaj hazırlığı, istiqamətlərin təqdimatında informasiya resurslarının effektiv istifadəsi və digər praktiki məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, AZAL 15 iyun 2025-ci ildən etibarən Türkiyənin cənubunda yerləşən Adana və Mersin şəhərlərinə yaxın məsafədə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirməyə başlayıb.
Uçuşlar hər həftənin cümə axşamı və bazar günləri olmaqla, həftədə iki dəfə yerinə yetirilir.
Yeni marşrutun istifadəyə verilməsi iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir. Eyni zamanda, bu reyslər turizm potensialının artırılmasına, iqtisadi əməkdaşlığın və mədəni mübadilələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.
Yeni istiqamət, həmçinin sərnişinlər üçün Adana və Mersin kimi Türkiyənin iri sənaye və turizm mərkəzlərinə, eləcə də regionun ətraf şəhərlərinə daha sürətli, təhlükəsiz və rahat səyahət imkanı yaradır.
Qeyd: Adana və Mersinin turizm əhəmiyyətli yerləri ilə bağlı daha ətraflı qısa zamanda 1news.az-da yayımlanacaq reportajda tanış ola biləcəksiniz.