TƏBİB media nümayəndələrinin tibbi müayinəsini təşkil edib - FOTO

TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə müxtəlif media qurumlarının nümayəndələri üçün Yeni Klinikada tibbi müayinə təşkil olunub.
1news.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova media nümayəndələrini salamlayıb və onları 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib:
“Ölkə səhiyyəsində həyata keçirilən islahatlar barədə ictimaiyyətin məlumatlandırılmasında media nümayəndələri əvəzsiz rol oynayır. Jurnalistlər, eləcə də vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir. Bu gün Strateji inkişaf departamenti tərəfindən reallaşdırılan “Peşə günləri” layihəsi çərçivəsində 20-dən çox media nümayəndəsi əyani və diaqnostik müayinələrə cəlb olunub və bu, mütəmadi əsaslı profilaktik xarakter daşıyacaq. İnanıram ki, davamlı həkim konsultasiyaları, instrumental və laborator müayinələr media nümayəndələrinin sağlamlıq durumlarını nəzarətdə saxlamağa imkan verəcək”.
Çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov media nümayəndələrini tibb müəssisəsində görməkdən məmnunluğunu ifadə edib və onlara peşə fəaliyyətində uğurlar arzulayıb:
“Xəstəliklərin erkən aşkarlanması istiqamətində aparılan işlər xüsusilə media nümayəndələri üçün zəruridir. Çünki əksər vaxtlarda media nümayəndələri peşə fəaliyyətlərinə bağlı olaraq sağlamlıqlarının qeydinə qala bilmirlər. Tibb müəssisəsinin həkimləri tərəfindən tibbi xidmət göstərilən jurnalistlərin sağlamlıqları nəzarətimizdə olacaq və onların sonrakı mərhələlərdə də müayinələrinin təşkilinə şərait yaradacağıq”.
Daha sonra ixtisaslı həkimlər tərəfindən media nümayəndələri müayinə edilib. Onlar laborator və diaqnostik müayinələrdən keçiblər.

