Deputat: “ABŞ-nin Azərbaycanla strateji əməkdaşlığı təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq”

“Amerika Birləşmiş Ştatlarda keçirilən son görüş həm regionda davamlı sülhün təmin olunması, həm də Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərinin inkişafı baxımından mühüm tarixi əhəmiyyətə malikdir”.
Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, müzakirə edilən hər iki mövzu – regional sülhün təşkili və ABŞ-Azərbaycan əməkdaşlığının dərinləşməsi – özü-özlüyündə strateji və tarixi xarakter daşıyır:
“Regiona sülhün yeni əsaslarda gətirilməsi, eləcə də təhlükəsizlik paradiqmalarının yenidən qurulması, son 200 ildə Cənubi Qafqazda formalaşmış mövcud hərbi-siyasi balansı dəyişdirməyi mümkün etdi. Bu, o deməkdir ki, artıq regionda imperialist güclərin maraqları çərçivəsində baş verən proseslər milli dövlətlər üzərində təzyiq alətinə çevrilə bilmir. Bu, Azərbaycan diplomatiyasının mühüm və strateji uğurudur,” – deyə deputat vurğulayıb.
Hikmət Babaoğlunun fikrincə, hazırda regionda etnik və dini qarşıdurmaları qızışdırmaq üçün istifadə olunan vasitələr imperiya güclərinin əlindən çıxarılıb və bu, bölgədə qalıcı sülhün yaranması üçün real zəmin yaradıb.
“Sülh Azərbaycanın milli maraqları və istəkləri kontekstində əldə olunub. Zəngəzur dəhlizinin – yaxud yeni adlandırma ilə Tramp dəhlizinin – açılması sayəsində Naxçıvana maneəsiz keçid təmin edilib. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət qəbul olunub, Ermənistan isə konstitusiyasını dəyişmək öhdəliyi götürüb. Bütün bunlar sülh üçün zəruri şərtlər idi və Azərbaycan bunlara nail oldu,” – deyə o bildirib.
Deputat əlavə edib ki, ABŞ-nin bu yeni mərhələdə regiona daxil olması və Azərbaycanla strateji əməkdaşlığı təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq:
“ABŞ-Azərbaycan münasibətləri bundan sonra Orta Asiyadan Ön Asiyaya qədər uzanan geniş bir coğrafiyada mühüm, həlledici və imperativ xarakter daşıyacaq. Bu da məsələnin tarixiliyinin ikinci mühüm tərəfidir,” – deyə Hikmət Babaoğlu yekunlaşdırıb.