Sevinc Fətəliyeva: Avropa Parlamenti Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Avropa Parlamenti Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir

17:10 - Bu gün
Sevinc Fətəliyeva: Avropa Parlamenti Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir

“Avropa Parlamenti Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

“44 günlük Vətən müharibəsindən sonra bu təşkilat tərəfindən ölkəmizə qarşı qəbul edilən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Avropa Parlamenti dövlətimizin öz ərazilərini işğaldan azad etməsini, Qarabağ bölgəsində suverenliyini təmin etməsini və erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Dekabrın 18-də bu qurumun ölkəmizin əleyhinə qəbul etdiyi növbəti qətnamə də bunun bariz nümunəsidir”.

Deputat bildirib ki, bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa təsisatları yaradılarkən beynəlxalq hüquq, insan haqları və demokratiya kimi prinsiplərin əsas götürüldüyünü xatırladan millət vəkili qeyd edib ki, artıq həmin təşkilatların fəaliyyətində bu prinsiplərə əməl olunmur:

“Bu qurumlar hazırda beynəlxalq güclərin və müxtəlif lobbilərin diktəsi ilə fəaliyyət göstərir. Fundamental dəyərlər onlar üçün arxa plana keçirilib. Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də bunu açıq şəkildə sübut edir. İslamafob və türkəfob dairələrin təsiri altına düşmüş Avropa Parlamenti kimi qurumların qəbul etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu təşkilat hər zaman insan hüquqları və demokratiya pərdəsi altında Azərbaycanı hədəfə alıb.

Nəzərə almaq lazımdır ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını müdafiə edən heç bir sənəd qəbul etməyib. Amma indi bu qurum Ermənistanla əməkdaşlığa xüsusi önəm verir, hazırda həbsdə olan erməniəsilli müharibə cinayətkarlarını müdafiə edir”.

Millət vəkilinin sözlərinə görə, Avropa xalqlarının üzləşdiyi real problemlər və çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin “qanuni” təmsilçisinə çevrilib. Onun fikrincə, bu gün ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü bir kənara qoyaraq, Azərbaycana qarşı açıq hücuma keçdiyini göstərir.

Deputat vurğulayıb ki, Avropa Parlamentinin son qətnaməsi Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından, ərazi bütövlüyünü bərpa etməsindən doğan “qəzəbin” təzahüründən başqa bir şey deyil. Görünür, son dövrlərdə Ermənistanla Azərbaycan arasında vasitəçilərsiz aparılan danışıqlar, yüksəksəviyyəli təmaslar və 8 avqust Vaşinqton razılaşması Avropa Parlamentini ciddi şəkildə məyus edib. Bu qurum indiki mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.

“Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı Azərbaycan Parlamenti tərəfindən bəyanat qəbul olunub. Bəyanatda vurğulandığı kimi, yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirməyə çalışan bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək məqsədi daşıyan növbəti uğursuz cəhddir.

Avropa Parlamentində korrupsiya və rüşvətxorluğun dərin kök saldığını sübut edən çoxsaylı faktların üzə çıxarılması bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını göstərir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır.

Bu dairələr anlamalıdırlar ki, bu cür “sənədlərlə” Azərbaycana heç bir təsir göstərə bilməzlər. Çünki Azərbaycan güclü dövlətdir!” – deyə Sevinc Fətəliyeva bildirib.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər