Vüqar İsgəndərov: “Vaşinqton görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir” | 1news.az | Xəbərlər
Siyasət

Vüqar İsgəndərov: “Vaşinqton görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”

Qafar Ağayev16:46 - Bu gün
Vüqar İsgəndərov: “Vaşinqton görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsidir”

“Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, Antiterror tədbirlərindəki uğuru və tam suverenliyinin bərpası hərbi sahədə olduğu kimi, diplomatik müstəvidə də öz nəticəsini verdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

“8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən görüşlər Azərbaycanın və Prezident İlham Əliyevin uğurlarının məntiqi yekunu oldu”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin gündəliyə daxil etdiyi bütün məsələlər ABŞ-da müzakirə edilib və həllini tapıb:
“ABŞ Prezidenti Donald Trampa da təşəkkür düşür. O, sülh lideri kimi tarixə düşəcək. Onun iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bəndlərinin paraflanması böyük nailiyyətdir. Ermənistan Konstitusiyasında müvafiq dəyişiklikləri etməli, sonra isə sülh müqaviləsinin imzalanması mümkün olacaq”.
Vüqar İsgəndərov qeyd edib ki, Prezidentin Vaşinqton səfəri çərçivəsində Donald Trampla ikitərəfli görüşü də keçirilib:
“Həm siyasi, həm iqtisadi, həm də enerji, müdafiə sənayesi, terrora qarşı mübarizə, informasiya texnologiyaları kimi sahələr gündəlikdə idi. Yaxın vaxtlarda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması gözlənilir. Bu, münasibətləri zirvə nöqtəsinə çatdıracaq. ABŞ artıq Azərbaycanı Cənubi Qafqazın əsas ölkəsi kimi tanıyır və hörmət edir Donald Tramp bunu bəyanatlarında da bildirdi”.

Deputat vurğulayıb ki, Bayden administrasiyası dövründə münasibətlər müəyyən qədər zəifləsə də, Donald Trampın hakimiyyətə qayıdışı ilə əlaqələr yenidən yüksək səviyyəyə qalxıb:
“Vaşinqton görüşündə biz bunun şahidi olduq”.

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı xarici işlər nazirlərinin müraciəti bu məsələyə tam son qoyur. Texniki məsələlər qalır. ABŞ-ın 907-ci düzəlişin ləğvi ilə bağlı Trampın bəyanatı da çox vacib addımdır”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq da tarixi əhəmiyyət daşıyır:
“ Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi bölgəyə sülh, tərəqqi və inkişaf gətirəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın, eləcə də Türkiyə ilə quru əlaqəsinin bərpası yüz illərin arzusu idi. Bu yol həm bölgənin, həm də Azərbaycanın nüfuzunu artıracaq, Ermənistan üçün də yeni imkanlar yaradacaq”.
Deputat sonda əlavə edib ki, 8 avqust 2025-ci il Vaşinqton görüşü Azərbaycanın tarixinə “qızıl səhifə” kimi düşəcək:
“Ölkəmizin qarşıdakı uğurları çoxdur və biz hər bir azərbaycanlı kimi bu nailiyyətlərlə qürur duyuruq”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər