Bu ildən tədris digər dillərdə olan siniflərdə “Azərbaycan tarixi” Azərbaycan dilində təşkil ediləcək

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.
1news.az xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.
Qeyd edək ki, ötən illər tədirisi digər dillərdə aparılan VI siniflərdə"Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.
Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi, tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə olan V siniflərində Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi həyata keçirilmişdir.
Tədris ilinin sonunda həmin 20 məktəbin pilot nəticələri təhlil edilmiş və ümumi nəticələr qənaətbəxş hesab edildiyindən 2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilərək 100 ümumi təhsil müəssisəsində, 2024-2025-ci tədris ilindən ölkədə bütün V siniflərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris edilmişdir. Ümumilikdə, tədris prosesi qənaətbəxş hesab edilmişdir.