Şahin Seyidzadə: Avaza Zirvəsi dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından tarixə düşdü | 1news.az | Xəbərlər
Siyasət

Şahin Seyidzadə: Avaza Zirvəsi dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından tarixə düşdü

Qafar Ağayev09:23 - Bu gün
Şahin Seyidzadə: Avaza Zirvəsi dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından tarixə düşdü

“2025-ci ilin 22 avqustunda Avaza şəhərində keçirilən Azərbaycan–Türkmənistan–Özbəkistan Zirvə görüşü türkdilli dövlətlərin əməkdaşlıq tarixində mühüm mərhələ oldu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bəyanatı bu görüşün mahiyyətini tam şəkildə əks etdirərək, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi.

“Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə reallaşan bu görüş Azərbaycanın da strateji baxımdan əhəmiyyətli töhfələr verdiyi çoxtərəfli platformaya çevrildi. Prezident İlham Əliyev çıxışında Türkmənistanın müasir inkişaf yolunu yüksək qiymətləndirdi və bu ölkənin sabit gələcəyinə inamını ifadə etdi. Görüşdə diqqətçəkən məqamlardan biri də Qarabağın dirçəldilməsinə verilən dəstək oldu. Türkmənistanın Füzulidə məscid inşası təşəbbüsü, Özbəkistanın isə Xankəndidə tikiş fabriki və Füzulidə məktəb layihələri qardaş xalqların Azərbaycana əməldə dəstəyini nümayiş etdirdi. Bu layihələr təkcə sosial infrastrukturun bərpası deyil, həm də mənəvi birliyin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Şahin Seyidzadə

“Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması isə iki xalqın tarixən mövcud olan yaxınlığını yeni müstəvidə təsdiq edən mühüm hadisədir” – deputat fikirlərinə əlavə edib:

“Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Türkmənistan bundan sonra da çiyin-çiyinə irəliləyərək bütün məsələləri qardaşlıq ruhunda həll edəcək. Zirvə görüşündə qəbul edilən qərarlar üçtərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi. Nəqliyyat, tranzit, enerji, mədəniyyət sahələrində birgə layihələrin işlənib hazırlanması barədə müvafiq qurumlara göstəriş verildi. Bu, gələcəkdə regionun iqtisadi potensialını artıracaq, həm də türk dövlətləri arasında strateji inteqrasiyanı gücləndirəcək. Prezident İlham Əliyev Avaza Zirvəsini tarixi gün kimi dəyərləndirərək qeyd etdi ki, bölgəmizdə yeni, perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı formalaşır. Bu, türk dövlətlərinin həm regional, həm də beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına şərait yaradacaq. Beləliklə, Avaza sammiti Azərbaycan, Türkmənistan və Özbəkistanın birliyinin, dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinin bariz nümunəsi kimi tarixə düşdü”.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər