AZSTAND-ın orqanı beynəlxalq səviyyədə akkreditasiya edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq akkreditasiya əldə edib.
1news.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Özbəkistan Akkreditasiya Mərkəzi (O‘ZАKK) tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunub.
Məlumata görə, O‘ZАKK tərəfindən keçirilən uyğunluğun qiymətləndirilməsi üzrə auditin nəticələrinə əsasən AZSTAND ISO/IEC 17021-1:2015 standartına uyğun akkreditasiya sahəsini genişləndirib.
Bununla da qurum ISO 9001:2015 “Keyfiyyətin idarəetmə sistemi”, ISO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemi”, ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 22000:2018 “Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemi” üzrə sertifikatlaşdırma səlahiyyətlərini artırıb.
Yeni akkreditasiya AZSTAND-a neft, kimya və qida sənayesində beynəlxalq standartlara uyğun sertifikatlaşdırma xidmətləri göstərmək imkanı verir.
Bu isə yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaqla yanaşı, ixrac potensialının da güclənməsinə töhfə verəcək.
Qeyd edək ki, O‘ZАKK Özbəkistan Respublikasında uyğunluğu qiymətləndirən orqanların akkreditasiyası üzrə xüsusi səlahiyyətli qurumdur. 2020-ci ildən Akkreditasiya üzrə Beynəlxalq Forumun (IAF) üzvü olan Mərkəzin qərarları beynəlxalq səviyyədə tanınır.