Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.
Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.
Təyinatların bölgüsü belədir:
Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;
Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.
Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2025–2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş “İncəsənət Məktəblərinin Elektron Sistemi” (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.