Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək

6-12 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan ilk dəfə bu tədbirə ev sahibliyi edəcək. Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, "Mədəni və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni və yaradıcı sənayelər sərgisi" (MYEXPO), "Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı, "Şərq moda nümayişi" – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.