BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Hökumətinin qərarı ilə 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayacaq.
1news.az xəbər verir ki, bu barədə Trend-ə BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.
“Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik.
1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək etmiş, zərər çəkmiş insanlara psixososial dəstək göstərib, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirmiş və mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirib.
BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərib.
Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin və onlarla rəftarın monitorinqini aparmış, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik”, - deyə məlumatda qeyd edilib.