İTSDA: Beyin ödeminin diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

İTSDA: Beyin ödeminin diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Qafar Ağayev12:26 - Bu gün
İTSDA: Beyin ödeminin diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Beyin ödemi beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər. Xəstəliyin klinik əlamətlərinə kəskin başağrısı, ürəkbulanma və qusma, görmə pozuntuları, müxtəlif şüur pozulmaları, qıcolmalar, bəzən isə şüurun tam itməsi aiddir.

Beyin ödemi zamanı həyata keçirilən həyati vacib tibbi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Bu xidmətlərə kəllədaxili təzyiqin daimi nəzarətdə saxlanılması, beyin toxumasına təzyiqi azaltmaq üçün dekompressiv trepanasiya beyində yığılan artıq mayenin xaric edilməsi üçün drenlərin yerləşdirilməsi, eləcə də mədəcik şuntlarının qoyulması daxildir. Bununla yanaşı, xəstələrə stasionar şəraitdə göstərilən zəruri xidmətlər də sığorta hesabına təmin edilir.

Dəqiq diaqnostika məqsədilə müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur. Beyinin kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), kontrastlı MRT və neyrosonoqrafiya (yeni doğulmuş uşaqlarda beyin USM müayinəsi) beyin ödemini və onun səbəblərini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bundan əlavə, qanın ümumi və biokimyəvi analizi, elektrolit və qlükoza səviyyəsinin təyini, mikrobioloji və seroloji testlər, həmçinin elektroensefaloqrafiya (EEQ) kimi müayinələr də icra edilir. Bu müayinələr beynin fəaliyyətini kompleks şəkildə qiymətləndirməyə və düzgün müalicə taktikasını müəyyənləşdirməyə imkan yaradır.

Diaqnostik mərhələdən sonra xəstələr stasionar müalicəyə cəlb olunurlar. Beyin ödeminin səbəbi və ağırlıq dərəcəsinə uyğun olaraq pasiyentlərə dehidratasiyaedici terapiya (mannitol, hipertonik duz məhlulları və s.), kortikosteroidlər, elektrolit balansının bərpası, qlükoza səviyyəsinin tənzimlənməsi, oksigenlə müalicə və simptomatik terapiya tətbiq edilir. Ağır hallarda isə xəstələr reanimasiya şəraitində xüsusi nəzarət altında saxlanılır, bəzi hallarda cərrahi müdaxiləyə – kəllədaxili təzyiqi azaltmaq üçün kəllə sümüyünün bir hissəsinin çıxarılmasına (dekompressiv kraniotomiya) ehtiyac yarana bilər. Qeyd olunan bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.

Bu xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq tibb müəssisələrində, agentliklə müqaviləsi olan tibb müəssisələrində tibbi göstəriş əsasında icra olunur.

Daha əvvəl də qeyd edildiyi kimi, beyin ödemi çox vaxt digər xəstəliklərin və ya travmaların nəticəsi olaraq meydana çıxır və vaxtında müalicə olunmadıqda əlillik və ya ölümlə nəticələnə bilir. Bu səbəbdən profilaktik tədbirlərə xüsusi diqqət verilməlidir. Travmalardan qorunmaq, arterial təzyiqi və qan şəkərini nəzarətdə saxlamaq, infeksion xəstəliklər zamanı vaxtında həkimə müraciət etmək beyin ödemi riskini azaldan amillərdəndir. Ən əsası isə, xəstəliyin ilk simptomları müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər