Dövlət Suverenliyi Günü milli iradənin və Azərbaycanın tarixində yeni dövrün rəmzidir

Suverenlik həmişə dövlətin mövcudluğunun əsası olub. Azərbaycan üçün bu anlayış yalnız hüquqi kateqoriya deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizə tarixi ilə sıx bağlı olan milli ideyadır. Əsrlər boyu xarici təhdidlər, işğallar və çətinliklərlə üzləşməsinə baxmayaraq, xalq daim müstəqillik arzusu ilə yaşayıb. Bu gün ölkənin müstəqilliyi və ərazi bütövlüyü, qəhrəmanların və şəhidlərin canı bahasına qazanılmış ali milli dəyərə çevrilib.
1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması otuzillik mübarizə yolunun məntiqi yekunu olub. Bu qərar yalnız müstəqilliyin və ərazi bütövlüyünün hüquqi-siyasi baxımdan tam bərpasını təsdiqləməyib, eyni zamanda, milli birliyin və Azərbaycan dövlətçiliyinin dayanıqlılığının rəmzinə çevrilib.
“Otuz ildən artıq müddətdə Azərbaycan torpaqları işğal altında qaldı. Ermənistan beynəlxalq hüququ pozdu, etnik təmizləmə həyata keçirdi, şəhərləri və kəndləri dağıtdı, mədəni irsi məhv etdi və Xocalı soyqırımı da daxil olmaqla bəşəriyyətə qarşı cinayətlər törətdi. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda davam edirdi, xalq isə torpaqları uğrunda mübarizəsini dayandırmırdı.
Dönüş nöqtəsi isə 2020-ci ildə baş verdi. 44 günlük Vətən müharibəsi ölkəyə tarixi qələbə qazandırdı. Geniş ərazilər işğaldan azad olundu. Daha sonra Laçın dəhlizinə nəzarətin bərpası və 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə təmin olundu. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ölkə ərazisinin hər qarışında Konstitusiyanın qüvvəsi bərpa edildi”,-deyə deputat vurğulayıb.
O, 20 sentyabrı yalnız hərbi Qələbənin tarixi deyil, həm də yeni bir dövrün başlanğıcı kimi dəyərləndirib: “Bu tarix beynəlxalq hüququn təntənəsi, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması və milli kimliyin möhkəmlənməsi kimi bir neçə mühüm mənanı ehtiva edir. Azərbaycan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallaşdırmaqla, beynəlxalq vasitəçilərin otuz il ərzində edə bilmədiyini təkbaşına həyata keçirib. Bu, təkcə sərhədlərin bərpası deyil, həm də region üçün sülh və əməkdaşlıq modelinin təqdim edilməsidir. Qələbə siyasi olduğu qədər də mənəvi zəfər idi və cəmiyyətin öz gücünə və gələcəyinə inamını gücləndirib.
Bu gün azad edilmiş torpaqlar yalnız bərpa olunan bölgələr deyil, həm də yeni diplomatik arenaya çevrilir. Dünənə qədər münaqişə ilə assosiasiya olunan Xankəndi bu gün beynəlxalq əməkdaşlığın mərkəzidir. İqtisadi Əməkdaşlıq Təşkilatı sammitinin burada keçirilməsi isə bu prosesin bariz sübutudur”.
Deputat bildirib ki, Şuşa və Xankəndi unikal tandem yaradır. Biri mədəni irsi, digəri isə yeni diplomatik perspektivləri simvolizə edir. Bu şəhərlərdə diplomatiya ilə mədəniyyətin vəhdəti Azərbaycanın keçmişi ilə gələcəyini birləşdirən yeni inkişaf fəlsəfəsinin əsasını qoyur. Xankəndi və Şuşada keçirilən beynəlxalq forumlar, görüşlər və təşəbbüslər göstərir ki, Azərbaycan hərbi qələbəsini davamlı siyasi və diplomatik uğura çevirə bilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, formalaşan yeni reallıqlar regionun maraqlarına cavab verir və uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azad olunmuş torpaqların dialoq və əməkdaşlıq meydanına çevrilməsi, Azərbaycanın Cənubi Qafqazın əsas aktoru və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir.
“Dövlət Suverenliyi Günü, sadəcə, xatirə günü deyil. Bu, Azərbaycanın tam suverenliyə nail olduğu, milli birliyin möhkəmləndiyi və inamlı inkişaf mərhələsinə qədəm qoyduğu tarixi siyasi reallığı əks etdirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da təsadüfi deyil. Bu, dövlət siyasətinin əsas dayaqlarını, sabitliyi, qanunun aliliyini və tərəqqini simvolizə edən dəyərlərin rəmzidir.
Beləliklə, 20 sentyabr yalnız keçmişin xatirəsi deyil, eyni zamanda, gələcəyin strateji yol göstəricisidir. Bu gün Azərbaycan bütün dünyaya sübut edir ki, yalnız suverenlik, milli birlik və quruculuq yolu dövlətin həqiqi gücünü və davamlı inkişafını təmin edə bilər”, - deyə S.Fətəliyeva vurğulayıb.